Normadan çox sərnişin götürən sürücülərə XƏBƏRDARLIQ

Astarada ictimai nəqliyyatda pandemiya qaydalarına nəzarət məqsədilə reyd təşkil olunub.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, bayram günləri ərəfəsində ictimai nəqliyyatda sərnişin sayının artması ilə əlaqədar karantin qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Astarada dövlət yol polisi əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib. Bu məqsədlə Astara rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları  ictimai nəqliyyat vasitələrində pandemiya qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirir.

Astara rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə təşkil olunan növbəti reyd zamanı sürücü və sərnişinlərin tibbi maskaladan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olması yoxlanılıb. Normadan artıq sərnişin daşınması halları aşkarlandıqda sürücülərə bir daha xəbərdarlıq edilib və bu halın yoluxma riskini artırdığı bildirilib.

Tibbi maskadan düzgün şəkildə, yəni tənəffüs yollarını örtəcək formada istifadə edilməsi ilə bağlı bir daha sürücü və sərnişinlərə xəbərdarlıq edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə tibbi maska və spirt paylanıb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP