Təhsil sənədlərinin elektronlaşdırılması qlobal rəqəmsallaşma prosesinin tərkib hissəsi kimi

Son dövrlər dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artıb. Belə ki, ölkələrin inkişafı müxtəlif sahələr üzrə rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyələnir.

Dünyada artan bu rəqabətə davam gətirə bilmək üçün isə iqtisadiyyatın inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Bunu əsas tutaraq, son illər ölkədə təhsil sahəsinin informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın davamlı və dayanıqlı inkişaf siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqi bilavasitə sosial-iqtisadi sistemin bütün sahələrinə sürətlə təsir edərək cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.

Hazırda təhsilin modernləşdirilməsi istiqamətində ölkədə tətbiqinə başlanılan innovativ təhsil layihələri sırasında vacib istiqamətlərdən biri də təhsil haqqında dövlət sənədlərinin elektronlaşdırılmasıdır. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədinin verilməsi nəzərdə tutulur. Həmçinin müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, elektron sənədlərin vahid yoxlama portalı vasitəsilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərinin elektron resurslarda daim saxlanılması kimi geniş imkanlar yaradacaq.

Ölkəmizdə dünyada ilk olaraq, qabaqcıl dövlətlərin hazırlıq mərhələsində olduğu, təhsil sənədlərinin elektronlaşdırılması, təhsil sahəsində böyük nailiyyət olmaqla yanaşı, ölkənin rəqəmsallaşmasına da mühüm töhfənin verilməsini özündə ifadə edir. Bu cür innovativ yanaşmanın tətbiqi beynəlxalq reytinqlərdə Azərbaycanın daha öncül mövqelərə çıxmasına imkan verəcək.

Bununla yanaşı, elektron təhsil sənədlərində məlumatların Azərbaycan və ingilis dillərində təqdim edilməsi nəzərdə tutulur. Bu isə təhsil sənədinin xarici ölkələrdə tanınması və yoxlanılması prosesini sadələşdirəcək, bununla da ölkəmizin müasir dünyada gedən inteqrasiya proseslərində daha yaxından iştirakına şərait yaradacaq.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP