Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib

 

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın doğum günündə onun ailəsinin yaşadığı Zmiyev şəhərinə səfər ediblər. “Dostluq” Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri Milli Qəhrəmanın məzarını, ailəsini, vaxtilə təhsil aldığı 1 saylı liseyi və şəhər müzeyini ziyarət ediblər.

Ruslan Polovinkanın məzarı üzərinə güllər düzən soydaşlarımız onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Burada çıxış edən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov 23 yaşlı ukraynalı gəncin Dağlıq Qarabağda göstərdiyi şücaətdən danışıb. Qeyd edib ki: 28 il sonra Azərbaycanın Milli Qəhrəmanları Ruslan Polovinka və Viktor Seryoginin, eləcə də vaxtilə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı haqq savaşında qəhrəmancasına həlak olmuş ukraynalıların ruhu şaddır. Çünki hazırda Azərbaycan ordusu erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızı azad edir” – deyə o, bildirib.

Qəhrəmanın təhsil aldığı Zmiyev şəhər 1№li liseyində Ruslan Polovinkanın memorial lövhəsi önünə gül-çiçək qoyulub. Qeyd edək ki, lövhənin burada yerləşdirilməsi 2016-cı ildə “Dostluq” cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, ukraynalı qəhrəman Azərbaycan xalqının yaddaşında əbədi yer tutub. Gənclərin vətənpərvər ruhda tərbiyə olunduğuna, tədbirin təşkili və keçirilməsinə göstərdiyi yardıma görə lisey direktoru Lidiya Dudarevaya minnətdarlıq bildirilib.

Şəhər diyarşünaslıq muzeyində olarkən soydaşlarımıza və qəhrəmanın atası Aleksandr Polovinkaya Milli Qəhrəmanın igidliyinin də təsvir olunduğu “Sənin fəxrin Zmiyiv!” kitabı hədiyyə olunub.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP