Aşıq Cəlil yaradıcılığına həsr olunan elmi-praktik konfrans keçirilib

Dekabrın 26-da AMEA-nın Folklor İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin birgə təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr olunmuş “Dərələyəzli ustad Aşıq Cəlil” mövzusunda elmi-praktik konfrans keçirildi. “Cəlil” aşıq havası ilə öz adını Azərbaycan aşıq sənətinin tarixinə əbədi olaraq yazmış Dərələyəz mahalının Sallı kəndində dünyaya göz açan Aşıq Cəlilin həyatı və yaradıcılığı çox təəssüf ki, uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalıb.

MediaZona.Az  bildirir ki, konfransı giriş sözü ilə açan akademik Muxtar Kazımoğlu Dərələyəz mahalından gəlib Naxçıvanda yaşayan Aşıq Cəlil yaradıcılığının spesifik cəhətlərini təhlil etməyin çətinliklərindən bəhs edib: “Bu elmi konfrans böyük əhəmiyyətə malikdir. Aşıq Cəlil yaradıcılığını araşdıran tədqiqatçılar sayəsində biz onun həyatından, yaradıcılığından xəbərdar oluruq. Aşıq Cəlil yaradıcılığında Aşıq Ələsgərin izi, dəstəyi danılmazdır.

Tədqiqatçıların araşdırmalarından məlum olur ki, ustad Aşıq Əsəd Aşıq Cəlilin yaradıcılığında böyük əhəmiyyətə malik olub. Aşıq Cəlil söz dünyasında və bəstəkarlıq sənətində zəngin irsə malikdir. Araşdırmalar nəticəsində Aşıq Cəlilin bu günə qədər 500 şeiri məlumdur. Məhz Aşıq Cəlil Azərbaycan aşıq sənətinə 12 aşıq havası bəxş edib. Bundan əlavə “Cəlili” havası ustad Cəlilin yaradıcılığının şah əsəridir. Ümid edirəm ki, Aşıq Cəlil yaradıcılığından bəhs edən bu elmi-praktik konfrans sonuncu olmayacaq”.

Azərbaycan Aşıqlar Birliyinin sədri prof. Məhərrəm Qasımlı da öz nitqində saz çalmaqda, saz havalarını cilalamaqda mahir aşıq olan Aşıq Cəlilin həyat və yaradıcılıq yoluna işıq salıb. Məhərrəm Qasımlı bildirib ki, Azərbaycan aşıq havaları içərisisində ilk üçlüyə daxil olan havalardan biri də “Cəlili” havasıdır: “Azərbaycan aşıq havaları içərisində ilk üçlüyə daxil olan havalardan biri də “Cəlili” havasıdır. “Cəlili” havası yaradan insanın yaradıcılığı  2-3 hava ilə bitə bilməz. Yaxşı olardı ki, tədqiqatçılarımız bunu araşdırsın. “Cəlili” havası qeyri-adi ustalıqla yaradılıb”.

Məhərrəm Qasımlı vurğuladı ki, Aşıq Cəlilin qarşısında hər cür ehtiram  bizim borcumuzdur: “İllərdir aşıqların elmi yaradıcılıqları məhz Aşıq Cəlil bəstələri üzərində köklənib. Naxçıvan aşıq məktəbində Dərələyəz məktəbi və Aşıq Cəlil yaradıcılığının xüsusi yeri var.”

Professor çıxışının sonunda konfrans iştirakçılarına, eləcə də AMEA Folklor İnstitutu rəhbərinə Naxçıvanda ustadın məzarının müəyyənləşməsi, abadlaşması məsələsinin gündəmdə saxlanılmasının vacib olduğunu qeyd etdi.

AMEA Folklor İnstitutunun rəhbəri Muxtar Kazımoğlu ustad Aşıq Cəlilin məzarı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət ünvanladığını bildirdi. Akademik ustadın məzarının paytaxta gətirilməsi təklifinə etiraz edərək, onun məzarının Naxçıvanda bərpa edilməsini, dəyərli elm adamlarının, aşığın yaradıcılığını sevən şəxslərin onu məhz Naxçıvanda ziyarət etmələrini doğru hesab etdi.

Daha sonra “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin sədr müavini Sevindik Hüseynov təşkilatçılara təşəkkür edərək bildirdi ki, saz çalınanda damarda qanımız durulur.

Çıxışı zamanı ustad Aşıq Cəlilin çətin həyat hekayətindən bəhs edən Sevindik Hüseynov bildirdi ki, bu gün gənclərimizn üzərinə böyük məsuliyyət düşür: “Onlar bizə yadigar olan bu qədim mədəniyyətin qorunmasında, Dərələyəz adını, ocağını daim yaşatmaqda dəstək olmalıdırlar. Biz bu qədim mədəni irsimiz haqqında onlara daim məlumatlar verməliyik.”

Elmi- praktik konfransda çıxış edən tədqiqatçı, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədli bildirdi ki, Göyçə aşıq məktəbi üçün Aşıq Ələsgər nə qədər önəmlidirsə, Dərələyəz aşıq məktəbu üçün də Aşıq Cəlil o qədər vacib və önəmli ustadır: “Aşıq Cəlil irsi haqqında  ilk dəfə mətbuatda Əli Şamil ictimaiyyəti məlumatlandırıb. Onun qələmə aldığı məqalələr sayəsində respublika ictimaiyyəti ustad aşığın varlığından xəbərdar oldular.”

Tədqiqatçı çıxışı zamanı qeyd etdi ki, jurnalist Qulu Kəngərlinin Aşıq Cəlil haqqında yazdığı kitab qiymətli məlumatlarla zəngindir. Burada Aşığın ailəsi haqqında doğlun informasiyalar yer alıb.

Elmi -praktik konfransda  Əziz Ələkbərli, Alı Səfolu, Kamil Dərələyəzli və digər şəxslər mühazirə ilə çıxış etdilər.

Tədbirdə “Cəlili” aşıq havaları haqqında”, “Şahablı Aşıq Cəlil və Sallılı Aşıq Cəlil: oxşar adlar, oxşar talelər”, “Dərələyəz aşıq mühiti və Aşıq Cəlil”, “Dərələyəzli Aşıq Cəlilin soykökü”, “Aşıq Cəlil yaradıcılığı” və “Dərələyəzli Aşıq Cəlil: bildiyimiz və bilmədiyimiz həqiqətlər” mövzularında məruzələr dinlənilib.

Konfrans çərçivəsində Azərbaycan Aşıqlar Birliyi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Aşıq Altay “Cəlili” havalarını ifa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir