Novosibirskdə “Dostluq Körpüsü” forumu keçirilib

Rusiya Federasiyasının (RF) Novosibirsk şəhərində “Dostluq Körpüsü: Rusiya – türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası forum keçirilib. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Sodrujestvo” türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondu, Rusiya Yazıçılar Birliyinin Novosibirsk regional bölməsinin və Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutub.

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik yubileyinə həsr edilən forumda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Milli Məclisin, Rusiya Federasiyası Parlamentinin Yuxarı palatasının, Novosibirsk şəhər Meriyasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, elm və incəsənət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Sodrujestvo” türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondunun prezidenti, Rusiya Yazıçılar Birliyinin üzvü Mirkazım Seyidov forumun mahiyyətindən danışaraq Azərbaycanın təkcə Rusiyada deyil, bütün dünyada türkdilli və slavyandilli xalqların əməkdaşlığında mühüm rolunu diqqətə çatdırıb.

Daha sonra RF Parlamentinin Yuxarı palatasının üzvü Aleksandr Akimov Federasiya Şurasının spikeri Valentina Matvienkonun salamlarını forum iştirakçılarına çatdırıb.

Forumda çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Tural Səfərov AXC-nin tairixi əhəmiyyətindən, müasir Azərbaycanın dünya arenasında qazandığı uğurlardan və ümumilli lider Heydər Əliyevin siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndəsi Rəşad Həsənov 18 oktyabr – Azərbaycanın Müstəqillik günü münasibətilə qonaqları təbrik edib.

Daha sonra tədbirdə çıxış edənlər Türk-slavyan birliyinin çoxmillətli Rusiyada vacibliyini bildirdirərək, Rusiyadakı Azərbaycan icmasının bu birliyə verdiyi töhfələrdən danışıblar. Forum Azərbaycan və Rusiya incəsənət xadimlərinin konsert proqramı ilə başa çatıb.

Forum çərçivəsində AXC-yə, ümummilli lideri Heydər Əliyevə və müasir Azərbaycana həsr olunmuş sərgi də təşkil edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir