“Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində

Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan dilində fəaliyyət göstərən “Mirzə Ələkbər Sabir virtual muzeyi”nin ingilis və rus dillərində təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən layihəyə həsr olunmuş tədbirdə tanınmış elm, incəsənət və ədəbiyyat nümayəndələri, QHT rəhbərləri, jurnalistlər, gənclər iştirak ediblər.

Tədbiri açan teleaparıcı Azər Süleymanlı Sabirin yaradıcılığının, onun tərəqqi dolu ideyalarının təbliğ olunması, ölkə sərhədlərindən kənarda da tanınması üçün layihənin əhəmiyyətini vurğulayıb.

Fondun prezidenti Sabir Tahirli şairin həyat və yaradıcılığını əks etdirən çoxsaylı məlumatların şəxsi kolleksiyalarda, müxtəlif arxivlərdə, muzeylərdə, kitabxanaların nəzdində sistemləşdirilmədən yer almasının bu məlumatları əldə etmək istəyənlər üçün böyük problemlər yaratdığını söyləyib. Qeyd edib ki, müxtəlif mənbələrdə pərakəndə halda yer alan verbal, video, audio, unikal foto materiallardan ibarət geniş və dəqiqləşdirilmiş vahid məlumat bazasının hazırlanaraq Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də təqdim olunması Sabir virtual muzeyinin ölkə hüdudlarından kənarda beynəlxalq müstəvidə araşdırmaçılar, sabirsevərlər, ümumiyyətlə geniş oxucu kütləsinin əlverişli və rahat bir şəkildə istifadəsinə imkan yaradacaq. Layihə şairin yaradıcılığının beynəlxalq aləmdə tanınmasına, eyni zamanda, ölkəmizin təbliğinə gözəl vasitə olacaq.

Sonra saytın ingilis və rus dillərində təqdimatı olub.

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əjdər Ol, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Milli QHT Forumun prezidenti Rauf Zeyni, jurnalist Aida Eyvazova və başqaları çıxış edərək layihə barədə fikirlərini bölüşüb və onun əhəmiyyətindən danışıblar.

Tədbirə, həmçinin Rusiya və Almaniyada yaşayan diaspor fəallarımız Səadət Qarayeva və Naibə Hacıyeva da “Skype” vasitəsilə qoşularaq layihənin əhəmiyyətini vurğulayıb və virtual muzeyin digər dillərə də tərcüməsinin vacibliyini qeyd ediblər.MediaZona.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir